ƏLİ İBN ƏBU TALİB
(40/661 ildə həlak olmuşdur) – görkəmli siyasi xadim, Məhəmməd peyğəmbərin əmisi oğlu və kürəkəni, onun ən yaxın səhabələrindən biri, şiələrin birinci imamı və İslamın dördüncü Raşidi xəlifə si olmuşdur. Onu Əbu Həsən, Əbu Turab, Heydər də adlandırmışdırlar.
Atası Əbu Talib, anası isə Fatimə bint Əsəd idi. Məhəmməd peyğəmbər onu Mürtəza (seçilmiş) və Mövla adlandırmışdır.
Xəlifəlik dövründə Əli “Əmirül-Möminin” adını qazanmışdır. Əli erkən yaşlarından Məhəmməd peyğəmbərin yanında böyümüşdür. O, İslamı ilk qəbul etmiş az yaşlı müsəlman olmuşdur. 10 yaşında müsəlman olduqdan sonra bütün həyatını İslam ideallarına qurban vermişdir. Əli heç bir zaman Məhəmməd peyğəmbərdən ayrılmamışdır.
Mədinəyə hicrətdən öncə məkkəlilər peyğəmbəri öldürmək istəmişlər.
Müşriklər peyğəmbərin evinə daxil olduqda Məhəmməd peyğəmbərin yerində onu uzanmış olduğunu görürlər və bununla da Əli həyatını təhlükəyə ataraq onların planlarını pozmuş olur. O zaman peyğəmbər artıq Mədinəyə doğru yola çıxmışdır. Məkkəlilər isə Əlini öldürməmiş, onu sərbəst buraxmışdırlar.
Bundan sonra o da Mədinəyə hicrət etmiş, peyğəmbərin bütün işlərində ona yardımçı olmuşdur.
Əli ilk döyüş sınağını hicrətin 2-ci ilində Bədr döyüşündə keçmişdir. Döyüşün başlanğıcında o, Məkkə müşriklərinin liderlərindən biri olmuş Valid ibn Muğirə ilə döyüşüb onu öldürmüşdür. Bu döyüşdə müsəlmanların üstünlük qazanmaqlarında Əlinin böyük rolu olmuşdur. İgidliyinə görə onu “Allahın aslanı” (Heydər) adlandırmışdırlar.
Peyğəmbər ona “Zülfiqar” adlı iki başlı bir qılınc da bağışlamışdır. Bundan başqa o, Bədrdə göstərdiyi şücaətinə görə qənimət kimi dəbilqə və bir dəvə almışdır.
Əli Bədr döyüşündən sonra Məhəmməd peyğəmbərin qızı Fatimə ilə evlənmiş, bu evlilikdən onun iki oğlu: Həsən və Hüseyn, eləcə də iki qızı: Zeynəb və Ümm Gülsüm doğulmuşdur.
Hicrətin 3-cü ilində baş verən Uhud döyüşündə müsəlmanlar məğlub olduqda Əli Məhəmməd peyğəmbəri qarşıda olan düşmənlərdən qoruyarkən yaralansa da, sağ qalmışdır. Daha sonra, hicrətin 6-cı ilində Xeybər döyüşündə yəhudilərə qarşı ağır döyüşlərdə igidliyi ilə seçilmişdir. Eyni zamanda, onun sərkərdəlik bacarığına görə müsəlmanlar üstünlük qazanaraq Xeybəri ələ keçirmişdirlər. Hicrətin 8-ci ilində Əli Məkkəni fəth edən İslam ordusunun bayraqdarı olmuşdur. Müsəlmanlar şəhərə girəndən sonra Məhəmməd peyğəmbər onunla birlikdə Kəbədəki bütləri dağıtmışdır.
Hicrətin 8-ci ilində Məkkə fəth edildikdən sonra Həvazin və Səqif qəbilələri müsəlmanlara qarşı savaşa qalxmışdırlar.
Həlledici döyüşdə müsəlmanlar böyük çətinliklə üstünlük qazana bilmişdirlər. Bu döyüşdə də Əlinin igidliyi müsəlmanların üstünlük qazanmasında böyük rol oynamışdır.
Əli təkcə döyüşkənliyi ilə deyil, müdrikliyi və elmi ilə də digərlərindən seçilmişdir.
O, öz səylərini peyğəmbərin vəfatından sonra da davam edərək Xilafətin möhkəmlənməsi və müsəlman icmasının inkişafı üçün böyük işlər görmüşdür. İkinci Raşidi xəlifə Ömərin hakimiyyəti dövründə Əli onun ən yaxın və etibarlı yardımçısı olmuşdur. Ömər müxtəlif problemlər haqqında onunla bölüşmüş, bir yerə gedəndə Mədinədə ölkə başçılığını ona tapşırmışdır.
Ölümündən öncə Ömər yeni xəlifənin seçilməsi üçün altı nəfərlik heyətin yaradılmasını əmr etmişdir. Onlar müzakirələr aparıb aralarından bir nəfəri xəlifə seçməli idilər. Əli də bu heyətdə olmuşdur. Ancaq, müzakirələrin nəticəsində Osman xəlifə seçilmişdir. Üçüncü Raşidi xəlifə Osmanın dövründə Əli baş qazi (II) vəzifəsində işləmiş, xəlifənin ən yaxın və inandığı adam olmuşdur. Ancaq, Osmanın xəlifəliyinin sonunda Xilafətdə qarşıdurma baş vermişdir.
Üsyançılar Mədinəyə girərək xəlifə Osmanın evini mühasirəyə almışdırlar. Bu hadisələr zamanı Əli onlarla çətin danışıqlar apararaq təhlükəni azaltmağa çalışmışdır. Eyni zamanda o, öz oğulları Həsən və Hüseyni xəlifəni qorumaq üçün onun yanına göndərmişdir.
Üsyançılar Osmanı qətl etdikdən sonra Xilafətdə durum ağırlaşmış, faktiki olaraq hakimiyyətdə boşluq yaranmışdır.
Belə bir ağır vəziyyətdə Əliyə xəlifə olmaq təklifi gəlmişdir. O, bir neçə dəfə bu təklifi qəbul etməsə də, sonra onu qəbul etməyə məcbur olmuşdur və 35/656-cı ildə dördüncü Raşidi xəlifə seçilmişdir.
Əli Xilafətin ən ağır və çətin dövrlərində hakimiyyətə gəlmişdir. Xilafətdə iç savaş başlamışdır. Osmanın ölümündən üzülmüş xalq, eləcə də Məhəmməd peyğəmbərin səhabələri, Əlidən onu öldürənlərin tezliklə cəzalandırılmasını tələb etmişdirlər. Ancaq, üsyançıların da gücləri heç də az deyildir.
Buna görə də, onlara qarşı tələsik ölçü götürmək olmurdu. Beləliklə, xəlifə Əli çox çətin durumla üzləşmişdir. O, problemi tələsmədən, yavaş-yavaş çözmək istəmişdir. Buna görə o, ilk öncə bölgələrdəki valilərin etimadını qazanmağa çalışırdı. 36-cı ildə Bəsrədə baş vermiş hadisə Əlinin apardığı siyasəti pozmuşdur. Burada Osmanın ölümünə görə onun qisasının alınmasını tələb edən müxtəlif qruplar ortaya çıxmağa başlamışdır. Məkkədən buraya karvanla gələn Məhəmməd peyğəmbərin həyat yoldaşı Aişə, görkəmli səhabələr Təlhə və Zübeyr də onların arasında olmuşdurlar.
Qarışıqlığa yol verməmək məqsədini güdən Əli qoşunu ilə Bəsrəyə yürüş etdi.
Ancaq, onun qan tökmək niyyəti olmamışdır.
Buna görə də o, Aişə, Təlhə və Zübeyr, eləcə də digər nüfuzlu adamlarla danışıqlar aparmağa başlamışdır. Problemin dinc yolla həll edilməsinə şərait yaranmışdır. Ancaq, Osmanın qatilləri barışı istəmirdilər, çünki sülh əldə etmiş tərəflər onları mühakimə edəcəkdilər. Buna görə də, onlar təxribat törətmiş və tərəflər arasında döyüş qızışmışdır. “Cəməl” (Dəvə) adlandırılan bu döyüşdə Əlinin qoşunu üstünlük əldə etmişdir.
Ancaq, bundan sonra Xilafətdə durum daha da pisləşdir.
Bundan başqa, Əlinin xəlifəliyinə qarşı Misir və İraqda da müxtəlif qüvvələr çıxış edirdilər. Ancaq, onun ən güclü rəqibi Əməvilərdən olan Suriya başçısı Müaviyə ibn Əbu Süfyan olmuşdur. O, Əlini xəlifə kimi tanımırdı. Ona görə də, Əli Suriyaya doğru qoşunu ilə irəliləyirdi. 37-ci ildə Süffeyn adlı yerdə tərəflər arasında həlledici döyüş baş verdi. Döyüşdə Müaviyənin qoşunları çətin durumda qaldılar. Buna görə də, onlar nizələrinin uclarına Quran səhifələrini keçirərək Əlini problemləri məhkəmədə ədalətlə həll etməyə çağırdılar.
Əli bu təklifi qəbul etmək istəmirdi. Buna baxmayaraq onun ordusundan bir qrup bunu ondan tələb etmişdir. Buna görə də Əli, bu təkliflə razılaşmalı olmuşdur. Ancaq, bu məhkəmə nəticəsiz bitdi. Hələ üstəlik burada bu anlaşmadan razı qalmayan, sonradan xaricilər təriqəti kimi tanınan bir qrup Əlinin qoşunundan ayrılıb həm ona, həm də Müaviyəyə qarşı vuruşmağa başladılar. 38- ci ildə Əli xaricilərlə vuruşaraq onları Nəhrəvan yaxınlığında məğlub etdi. Ancaq, bu üsyançı təriqətin ideyaları bir qədər sonra Xilafətdə surətlə yayılmağa başladı. Onlar iqtisadi və siyasi həyatın bütün sahələrinə təsir göstərmişdirlər. Onlar xəlifə Əlinin qoşununa da nüfuz etmişdirlər. Xaricilər partizan savaşı taktikasını seçərək terrorçu və təxribatçı fəaliyyətə başladılar. Bu təriqət sonralar hakimiyyətdə olacaq xəlifələr üçün də böyük problemlər yaratmışdı.
Sonra, Əlinin tərəfdarları arasında olan parçalanmadan yararlana bilmiş Müaviyənin ordusu hücuma keçmişdir. 38-ci ildə onun komandanı Əmir ibn As Misiri ələ keçirdi. 39-cu ildə suriyalılar İraqa basqın etdilər. 40- cı ildə isə Müaviyənin ordusu Hicaz və Yəmənə girdi. Ancaq orada, xəlifə Əlinin qoşunu suriyalıların hücumunun qarşısını ala bilmişdilər.
Döyüşlərin qızğın vaxtında xəlifə Əlinin qətlə yetirildiyi xəbəri yayıldı. Nəhrəvandakı məğlubiyyətə görə qisas almaq üçün xaricilər ona qarşı qəsd hazırladılar. Bu qəsdi İbn Mülcəm adlı bir nəfər icra edərək Əliyə ağır yaralar yetirmişdir. Bir neçə gün sonra Əli ibn Əbu Talib dünyasını dəyişmişdir.
Bundan sonra xəlifə Əlinin tərəfdarları onun oğlu Həsəni xəlifə kimi tanıdılar.
Ancaq, Həsən ibn Əli xəlifə olmaq üçün kifayət qədər gücünün olmadığını anlayırdı.
Buna görə də o, hakimiyyəti Müaviyəyə təslim etmək məcburiyyətində qalmışdır. Sonda Müaviyə 41-ci ildə Kufəyə girdi. Həsən isə bütün vəzifələrini Müaviyəyə təslim edərək qardaşı Hüseynlə Mədinəyə yollandı.
Bu hadisədən sonra Raşidi xəlifələrin hakimiyyəti dövrü sona çatdı və bir çox tarixçilərin fikrinə görə xilafət mahiyyətini dəyişərək krallığa çevrildi. Xəlifə olan Müaviyə 100 ilə yaxın hakimiyyətdə olmuş Əməvilər sülaləsinin əsasını qoydu.
Əli ibn Əbu Talib Quranın, onun təfsirinin, hədislərin, fiqhin ən böyük bilicilərindən biri olmuşdur. Bütün bu elmləri o, Məhəmməd peyğəmbərin birbaşa özündən öyrənmişdir. Əli bütün Quranı əzbərdən bilib, peyğəmbərin katibi olmuşdur. Xəlifə olanda belə o, elmlər üzrə çalışmalarını davam etdirmişdir. O həmçinin, Mədinədə bir məktəb də yaratmışdır. Bu məktəbdə ərəb dili, Quran elmləri və dünyəvi elmlər öyrədilirdi. Xəlifə olanda isə Əli fiqhi hökmlər verirdi.
Tarixi məlumatlara görə Əlinin bir-çox üstünlükləri olmuşdur. O, igid, qorxmaz, həyatı boyu bütün çətinliklərə sinə gəlmiş bir insan idi. Heç vaxt ruhdan düşməmiş, ümidini itirməmişdir. O, hər zaman yalnız irəliyə addımlayaraq məqsədinə çatmışdır. Məhəmməd peyğəmbərin və üç Raşidi xəlifələrin sağlığında, eləcə də xəlifəliyində siyasi vəziyyətin gərginliliyinə baxmayaraq ölümünə qədər mübarizəsini davam etdirmişdir.
Şiəlikdə Əliyə, eləcə də onun soyundan olanlara böyük ehtiram bəslənilir. O, bütün şiələrin birinci imamıdır. Şiəliyə görə Əli gizli (batini) biliklərin bilicisi olmuşdur.
Ondan sonra imamət onun varislərinə keçmişdir. Bəzi aşırı təriqətlər isə Əlini hətta tanrılaşdırılmışdırlar. Sufilikdə də Əliyə böyük sayğı və hörmət göstərilir. Sufi təriqətlərinin əksəriyyətinin mənəvi silsiləsi məhz Əliyə qədər uzanmaqdadır.